...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bolqar jurnalistin Qarabağla bağlı çəkdiyi filmə münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2011 11:19 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bolqar telejurnalist Tsevatana Paskaleva tərəfindən ermənilərin mövqeyini müdafiə edən "Qarabağ yaraları" adlı filmin çəkilməsinə münasibət bildirib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bolqar jurnalistin Qarabağla bağlı çəkdiyi filmə münasibət bildirib

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bolqar telejurnalist Tsevatana Paskaleva tərəfindən ermənilərin mövqeyini müdafiə edən "Qarabağ yaraları" adlı filmin çəkilməsinə münasibət bildirib.

"Bu film əslində o vaxt çəkilən filmlərdən ibarətdir. Sadəcə, indi onları birləşdirərək serial kimi təqdim edirlər. O, sırf sifarişlə işləyən, alçaq bir adamdır. Həmin şəxsə "Dağlıq Qarabağ Ordusu"nun polkovniki adı da verilib", - çərşənbə axşamı Trend-ə Nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov deyib.

Şeyxov bildirib ki, qeyd edilən filmin ssenari müəllifi, rejissoru olan Tsevatana Paskaleva 1990-cı illərdən ermənilərin mövqeyini müdafiə edən materiallar çəkir.

Bolqar telejurnalist Tsevatana Paskaleva Qarabağ münaqişəsinin tarixinə dair 6 dildə, 7 seriyadan ibarət, 3,5 saat davam edən film çəkib. "Qarabağın yaraları" adlanan bu film ABŞ-ın ən yaxşı texnologiyaları əsasında hazırlanıb. Film müəllifi qeyd edib ki, gənc ermənilər bu filmə baxarkən "Arsax"ın azad edilməsinin nəyin hesabına başa gəldiyini görməli və bunu qiymətləndirməlidirlər.

Şeyxov bildirib ki, nazirlik birbaşa olaraq, həmin filmlərin dünya ölkələrində yayımının qarşısını ala bilməz. Nazirlik rəsmisinin sözlərinə görə, amma buna cavab kimi, indiyə qədər Qarabağ münaqişəsi ilə bağlı çəkilən filmlərə əlavə olaraq, yeni film çəkilə bilər.

Sektor müdiri qeyd edib ki, ermənilər kimi, Azərbaycanın da təbliğat maşını çox güclü işləyir. Onun sözlərinə görə, indiyə qədər Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, müharibə mövzusunda silsilə filmlər çəkib. Amma nazirliyin bilavasitə bugünkü Qarabağın reallıqlarını əks etdirən filmlər çəkməyə imkanı yoxdur. Çünki bunun üçün həmin filmi Qarabağda çəkmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti