Azərbaycan, Bakı, 16 noyabr /Trend/
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 17-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.