...

Vasitəçilərin təklifinə Dağlıq Qarabağ münaqişəsi tərəflərindən razılıq almaq çətindir - Minsk qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2011 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend müxbir S. Ağayeva/

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mürəkkəbdir. Belə ki, vasitəçilərin hər hansı bir təklifinə münaqişə tərəflərinin razılığını almaq çətindir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fransalı həmsədri Bernar Fasye fəaliyyətinin başa çatması üzrə keçirilən yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində müsbət məqamlar budur ki, əgər 2007-ci ilə qədər nizamlanma prosesində yazılı sənəd yox idisə, hazırda var və bu, Madrid prinsiplərinin yenilənmiş variantıdır.

Fasye deyib ki, daha bir müsbət fakt vasitəçilərin işğal edilmiş ərazilərə baş çəkməsidir.

"Təəssüf ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunda keçirilən Kazan görüşünə olan ümidlərimiz özünü doğrultmadı. Lakin nikbin olmaq lazımdır. Ümid var ki, danışıqlarda irəliləyişlər olacaq", - Fasye bildirib.

Regiona vida səfəri zamanı Fasye Azərbaycan Prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti