Azərbaycan, Bakı, 21 dekabr /Trend müxbir E.İsmayılov/
Azərbaycan və Gürcüstanda münaqişələr olmasaydı, Cənubi Qafqaz təkcə iqtisadi deyil, həm də siyasi baxımdan çiçəklənən regionlardan biri olardı. Bunu çərşənbə günü Bakıda jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani deyib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın ən böyük problemi odur ki, bu ölkələrdə inkişaf prosesləri onların bütün ərazilərini əhatə edə bilmir.
"Ərazi bütövlüyü problemini mütləq həll etmək lazımdır, çünki əhali öz qədim ərazilərinə qayıda bilmədiyi bir vaxtda bu siyasətin davam etdirilməsi mümkün deyil", - Maçavariani bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.