Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Fransaya alternativ olaraq Avropa İttifaqından xüsusi səlahiyyətli nümayəndə təyin olunmalıdır. Bunu Trend-ə çərşənbə axşamı Azərbaycanın millət vəkili, Avronest Parlament Assambleyasında komitə sədri Fuad Muradov bildirib.
"Həmin şəxs Dağlıq Qarabağ problemi ilə əlaqədar Avropa İttifaqının adından danışacaq", - o deyib.
Muradovun sözlərinə görə, belə nümayəndə vaxtı ilə Balkanlarda yaşanan problemdə, Afrika ölkələri üzrə münaqişələrdə təyin olunub.
O qeyd edib ki, Fransa buna getmək istəmir, çünki ATƏT-də öz mövqelərini qorumaq niyyətindədir. "Hazırda Fransa ATƏT-in Minsk qrupunda hər hansı prosesə cüzi də olsa müdaxilə etmək imkanını saxlayır", - o deyib.
Millət vəkili bildirib ki, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalarda bu məsələ gündəmə gətirilməlidir ki, Avropada Dağlıq Qarabağ münaqişə ilə məşğul olan alternativ şəxs təyin olunsun. Muradov deyib ki, həmin şəxs Avropa Parlamentinə hesabat verəcək.
Millət vəkili qeyd edib ki, artıq Fransanın ATƏT-in Minsk qrupunda qalması şübhə altına alınır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.