...

ABŞ kəşfiyyatı Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2012 10:57 (UTC +04:00)
ABŞ kəşfiyyatını Dağlıq Qarabağdakı vəziyyət və Avrasiyada yeni qaynar nöqtələrin baş qaldırması mümkünlüyü narahat edir. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin ABŞ Konqresi Senatının profilli komitəsindəki dinləmələrə təqdim olunmuş məruzəsində deyilir.
ABŞ kəşfiyyatı Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır

Azərbaycan, Bakı, 1 fevral /Trend/

ABŞ kəşfiyyatını Dağlıq Qarabağdakı vəziyyət və Avrasiyada yeni qaynar nöqtələrin baş qaldırması mümkünlüyü narahat edir. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin ABŞ Konqresi Senatının profilli komitəsindəki dinləmələrə təqdim olunmuş məruzəsində deyilir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Məruzədə deyilir ki, Qafqazdakı nizamlanmamış münaqişələr və Mərkəzi Asiya dövlətlərindəki qeyri-stabillik "Avrasiyada qaynar nöqtələrin" baş qaldırması ən çox ehtimal olunan səbəblərindədir.

Qafqazda potensial münaqişə ocağı Dağlıq Qarabağ hesab edilib. "Ritorikanın gərginləşməsi, münaqişə tərəfləri arasında etimadsızlıq və təmas xəttində arasıkəsilməyən zorakılıqlar praktiki olaraq vəziyyətin heç bir xəbərdarlıq olmadan gərginləşməsinə gətirib çıxara bilər", - məruzədə deyilir.

Gürcüstan üzərində dayanaraq Klepper bildirib ki, ölkənin yeni konstitusiyası "2013-cü ildə keçiriləcək prezident seçkilərindən sonra Baş nazirin səlahiyyətlərini möhkəmləndirəcək ". Onun sözlərinə görə, bu "belə bir ehtimal doğurur ki, Prezident Saakaşvili Baş nazir kimi hakimiyyətdə qalmağa cəhd göstərə bilər, bu da gərginliyin zəifləməsi perspektivlərinə təsir edər".

Məruzədə Mərkəzi Asiya haqqında deyilir ki, regiondakı zorakı ekstremizm təhlükəsizlik sahəsində Moskva üçün də artan əsas olmağa xidmət edir. Regionda "xüsusilə vacib" ölkə Əfqanıstanla ümumi uzun sərhədə malik olan Tacikistan göstərilib".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti