Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/
Ukrayna Azərbaycanlı Gənclər Birliyi və İslam Konfransı Gənclər Forumu Xocalı ayı çərçivəsində Luqansk şəhərində anım mərasimi keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ukrayna Azərbaycanlı Gənclər Birliyindən bildirilib.
Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayət təşkilatının sədr müavinləri Telman Cəfərov, Akif Hümbətov və digər diaspor fəalları çıxış edərək 20 il bundan əvvəl erməni daşnaklarının Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri son iki əsrdə xalqımıza qarşı həyata keçirilmiş mərhələli soyqrım siyasətinin tərkib hissəsi kimi səciyyələndiriblər.
Sonra tədbirdə Azərbaycan və Ukrayna televiziyalarının birgə istehsalı olan "Qarabağ tarixin burulğanında" sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Hindistan Cəmiyyətinin gənclər təşkilatının sədri Mayna Jabasta Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, birliyin Luqansk vilayət təşkilatının sədri Nahid Uğurluyev, gənc fəallardan Kərim Kərimzadə, Elçin Mehdiyev, Anna Semikos, İrina Xorşkovskoqo ermənilərin Xocalı şəhərində törətdiyi qəddarlıq aktının Azərbaycan xalqına qarşı əsl soyqırım siyasəti olduğunu vurğulayıblar. Çıxış edənlər beynəlxalq təşkilatların insanlığa yönəlmiş belə bir bəşəri cinayətə indiyədək hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.