...

Şahidlərin gözü ilə: Xocalı soyqırımı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Xocalı soyqırımının şahidləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin törətdiyi vəhşilikləri ürək ağrısı ilə danışırlar. Şahidlərin gözü ilə Xocalı soyqırımı dünyaya çatdırılmalı, gələcək nəsillərə ötürülməlidir.

Xocalı soyqırımını yaşamış Müşgünaz Əhmədova: "Hamı kimi mən də ermənilərin vəhşiliyindən qurtulmaq üçün körpə qızım Salatını kürəyimə bağlayıb meşəyə tərəf qaçdım. Dörd gün meşənin şaxtalı-qarlı yolları ilə ac-susuz getdik. Südəmər körpələr acından ağlayırdılar. Dedilər ki, uşaqların səsini kəsin, yoxsa ermənilər duyuq düşüb bizi tutarlar. Südüm olmadığından acından ağlayan uşağı sakitləşdirə bilmədim. Ermənilər isə yaxında idi. Qız-gəlinlərin namusu ermənilər tərəfindən tapdanmasın deyə öz balamı əllərimlə boğdum. Sonra uşağı kolun dibinə qoyub getmək istədim, ancaq ürəyim gəlmədi və kürəyimə bağlayıb özümlə götürdüm. Yaxınlıqdakı kənddə bizi əsir götürdülər. Hamıdan sənədləri və qızılları yığırdılar. Birdən Mahirə ana mənə bildirdi ki, uşaq tərpənir. Mən sevincimdən başladım ağlamağa. Ermənilər məni bala qatili etsələr də, Tanrı buna yol vermədi".

Keçmiş Xocalı özünümüdafiə dəstəsinin həkimi, Xocalının baş həkimi Məmməd Nağıyev: "Faciə gününə qədər təxminən 20 yaralı var idi. Mən Milli Qəhrəman Aqil Quliyevin dəstəsindən olan Cabbar adlı yaralıya tibbi yardım edirdim. Təxminən 22:30 radələrində artıq ermənilər soyqırıma başladılar. Mən və 5-10 nəfər əli silahlı əsgər 150 nəfərə yaxın dinc əhalini meşəyə tərəf çıxarmağa çalışdıq. Hava çox dumanlı və qarlı olduğundan meşədə azaraq erməni pusqusuna düşdük. Atışma nəticəsində təxminən 10 nəfər həlak oldu. Biz fevralın 27-də yolu azdığımızdan Ağdamın Abdal-Gülablı kəndinin yaxınlığında yerləşən ermənilərin Dəhrəçi kəndinə gəldik. Ermənilər bizi Azərbaycan dilində çağıraraq aldatdılar. 150-200 metr qalmış bizi atəşə tutdular. Yaxınlıqdakı dərəyə tərəf qaçaraq orada gizləndik. Əsgərlər sursatları bitənəcək döyüşdülər. Sonda hamımızı əsir götürdülər. Bizimlə əsir düşən Əhməd adlı Axısqa türkünün başını kəsib başla futbol oynamağa başladılar. Daha sonra 13 nəfərimizi güllələdilər. Bizə olmayan işgəncələr və alçaldıcı zülmlər verdilər".

Xocalı sakini Camal Heydərov: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".

Şahidi olduğu eybəcərlikləri Şahin Heydərov belə xatırlayır: Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit gördüm. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

Xəbər lenti

Xəbər lenti