...

Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 10:57 (UTC +04:00)
Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş başa çatıb
Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda fevralın 26-da XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib.

Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Ön sırasında Prezident İlham Əliyevin olduğu yürüş iştirakçıları "Azadlıq" meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Bu izdihamlı yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış transparantlar, "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!","Xocalını unutmayın", "Rədd olsun erməni faşizmi!" və s. sözlər yazılmış plakatlar tutan gənclər düzülmüşdür. Eyni məzmunlu transparantlar və plakatlar yürüş iştirakçılarının əllərində də var idi.

İnsanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silməmişdir. Bircə gecədə yerlə yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.
Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Ümumxalq yürüşündə iştirak edən insanlar abidə önündə soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, "Xocalıya ədalət", "Xocalını unutmayın", "Xocalı - əsrin soyqırımı" şüarlarını səsləndirmişlər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti