Azərbaycan, Bakı, 21 mart /Trend/
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunmasına yəqin ki, düşündüklərindən daha yaxındır. Bunu "Azadlıq Radiosu"na müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib.
Onun sözlərinə görə, Minsk qrupu münaqişənin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasına daha da yaxınlaşmaq üçün tərəflərə kömək göstərib, lakin onların bir-birinə inamsızlığı və əməkdaşlığın olmaması irəliləyişə əngəl törədir.
Martın 24-də Minsk qrupunun yaranmasının 20 ili tamam olur.
Bradtke qeyd edib ki, həmsədrlər ideyalar verə, dəstək göstərə bilərlər, lakin münaqişə tərəfləri özləri qərar qəbul etməlidirlər.
"Düşünmürəm ki, sülh razılaşmasının əldə edilə bilməməsinin səbəbi Minsk qrupunun formatında və ya həmsədrlərdədir. Səbəb odur ki, bu çox çətin bir məsələdir. Tərəflər arasında fərq çox böyükdür və düzünü desək, tərəflər arasında inamsızlıq var. Formatın dəyişməsi bunu dəyişdirməyəcək", - həmsədr deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda insanlar arasında dialoq çox vacibdir.
"Biz düşünürük ki, status-kvo qəbuledilməzdir. Biz bu münaqişənin tənzimlənməsində irəliləyişə nail olmalıyıq", - Bradtke deyib.