...

Azərbaycan və ABŞ rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2012 13:17 (UTC +04:00)
ABŞ-ın Virciniya ştatının aparıcı ali təhsil ocaqlarından olan Corc Meyson Universitetinin İncəsənət Məktəbində Azərbaycan və ABŞ rəssamlarının əsərlərindən ibarət "Dünyanı birlikdə rəngləyək" adlı sərgi açılıb.
Azərbaycan və ABŞ rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ABŞ-ın Virciniya ştatının aparıcı ali təhsil ocaqlarından olan Corc Meyson Universitetinin İncəsənət Məktəbində Azərbaycan və ABŞ rəssamlarının əsərlərindən ibarət "Dünyanı birlikdə rəngləyək" adlı sərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sərgi "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi "Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri" adlı layihə çərçivəsində reallaşıb.

Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirib.

İyunun 6-dan 22-ə qədər keçirilən sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boya və qrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də ABŞ-da yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunub.

Corc Meyson Universitetinin İncəsənət qalereyasının direktoru Uolter Kravits mərasimdə çıxış edərək layihəni yüksək qiymətləndirib. "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirib ki, bizim qadın rəssamlar rənglərin dili ilə qloballaşan dünyamızı dostluğa, sevgiyə, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır. Belə layihələr vasitəsilə biz dünyamızı dostluq, sevgi, sülh rənginə boyamaq istəyirik.

Sərgilənən 20 əsərin əksəriyyəti Qarabağa aiddir. "Xarı bülbül", "Şuşa məscidi", "Qarabağ atları", "Xocalı faciəsi" və s. rəsmlər Dağlıq Qarabağ münaqişəsinin tariximiz və mədəniyyətimizdə buraxdığı silinməz izdən xəbər verir.

Sərginin açılış mərasimində ingilis dilində "Azərbaycana xoş gəlmisiniz" adlı sənədli film nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hədiyyə olaraq göndərilən Azərbaycan tarixinə, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı faciəsinə həsr olunmuş kitablar Corc Meyson Universitetinin kitabxanasına təqdim edilib. Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri aparıblar. Sərgi ABŞ mətbuatında geniş işıqlandırılıb və ictimaiyyət tərəfdən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti