Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir S.Ağayeva/
İsveçrə XİN Dağlıq Qarabağdakı "seçkiləri" tanımadığını təsdiqləyib. Trend-in məlumatına görə, bunu XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan KİV-inin məlumatını təkzib edərək bildirib.
"Bu, Ermənistan rəhbərliyinin həm öz ölkəsinin ictimaiyyətini, həm də dünya ictimaiyyətini çaşdırmaqla bağlı növbəti cəhdidir", - Abdullayev deyib.
İsveçrə XİN-dən Azərbaycanın Xarici İşlər Nazirliyinə daxil olan notada Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağda "seçkilərin" tanınmaması bir daha təsdiqlənir.
Xatırladaq ki, iyulun 19-da dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirilib.