...

Milli Məclisin sədri Fransa senatorları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2012 17:21 (UTC +04:00)
Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə spiker sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu söyləyib. O bildirib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, ötən dövr ərzində problem öz məntiqi həllini tapmayıb.
Milli Məclisin sədri Fransa senatorları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə spiker sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu söyləyib. O bildirib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, ötən dövr ərzində problem öz məntiqi həllini tapmayıb.

"Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Qeyd etməliyəm ki, Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmaqdadır ki, problemin həllinə təsir göstərə biləcək dövlətlər bəzən erməni diasporunun mövqeyi ilə hesablaşmalı olurlar", - Əsədov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa dəyərlərinə sadiq qaldığını, Avropa strukturlarına inteqrasiya yolu tutduğunu dəfələrlə bəyan etsə də, bəzən Avropa qurumları tərəfindən anlaşılmaz addımlarla üzləşir.

"Əlbəttə ki, bu kimi hallar bizi narahat edir. Bütün çətinliklərə baxmayaraq, biz bölgənin inkişafına böyük maneçilik törədən, regionun təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ probleminin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə aradan qaldırılacağına ümid edirik", - o deyib.

Görüşdə Fransa nümayəndə heyətinin rəhbəri Ladislas Poniatovski parlamentlər səviyyəsində dostluq qruplarının fəaliyyətini təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab etdiyini vurğulayıb. O bildirib ki, Fransa sürətlə inkişaf edən Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə dərinləşməsinə böyük maraq göstərir.

Söhbətdə ikitərəfli əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti