...

İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2012 10:56 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb və üzv dövlətləri 2013-cü ildə də "Xocalıya Ədalət" kampaniyasına dəstək verməyə çağırıb.
İƏT Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıdı

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb və üzv dövlətləri 2013-cü ildə də "Xocalıya Ədalət" kampaniyasına dəstək verməyə çağırıb.

Trend Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən baş qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Cibutidə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilib. Forumun fəaliyyəti ilə bağlı Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırım aktı kimi tanıyıb.

DƏ-İKGF nümayəndə heyətinin başçısı kimi sessiyanın işində iştirak üçün Cibutiyə ezam edilən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ "üzv ölkələri və İƏT qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək göstərməyə və bu soyqırım aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə" çağırıb.

Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 2008-ci ilin may ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb və bu müddət ərzində qarşısına məqsəd qoyduğu Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi və mənəvi qiymət verilməsi ilə bağlı ciddi nailiyyətlər əldə edib.

Mehdiyev, həmçinin bildirib ki, sessiya DƏ-İKGF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman" beynəlxalq mükafat layihəsini alqışlayıb və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırıb. Sözügedən mükafat layihəsinə 2011-ci ilin noyabr ayında Bakıda DƏ-İKGF və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransı zamanı start verilib və 2013-cü ildə Bakıda ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınıb.

Bundan başqa, qəbul olunmuş qətnaməyə əsasən, İƏT XİNŞ Forumun təşəbbüsünə cavab olaraq, Foruma üzv təşkilatların, o cümlədən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarına və pozitiv təcrübəsinə əsaslanaraq, gənclərin fəaliyyətinin koordinasiyası məqsədilə Yaxın Şərq və Şimali Afrika bölgəsində milli gənclər şuralarının qurulmasını DƏ-İKGF-yə həvalə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti