...

Azərbaycanda 100-dən artıq QHT beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 15:21 (UTC +04:00)
Bu gün Milli QHT Forumu (MQF) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Azərbaycanda 100-dən artıq QHT beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət edib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli QHT Forumu (MQF) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan MQF-in prezidenti Rauf Zeyni qanlı Xocalı hadisələri ilə bağlı fikirlərini bildirib, Xocalı soyqırımının erməni qəsbkarlar tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş insanlığa sığmayan ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

O, Xocalı soyqırımının tanıdılması ilə bağlı beynəlxalq aləmdə, o cümlədən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində aparılan işləri yüksək qiymətləndirib və bu işlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov da Xocalı soyqırımının tarixdə ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. O, Xocalı soyqırımının bir sıra dövlətlər tərəfindən tanınmasını təqdirdəlayiq hal hesab edərək hər bir kəsi bu istiqamətdə daha fəal olmağa çağırıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Xocalı soyqırımının Azərbaycan xalqının başına gətirilən ən qatı bir cinayət olduğunu diqqətə çatdıraraq, bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasında bütün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımının canlı şahidləri həmin gün baş vermiş qanlı hadisələr, erməni vəhşilərinin Xocalıya hücumu necə hazırlaması, dinc insanları necə mühasirəyə alaraq vəhşicəsinə qətlə yetirməsi haqqında danışıblar.

Geniş müzakirələrdən sonra tədbir iştirakçıları Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət qəbul ediblər.

"Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 21-ci il dönümündə Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İnsan Haqları üzrə Haaqa Məhkəməsinə, Beynəlxalq Hərbi Tribunala, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış "Freedom House", "Human Right Watch" təşkilatlarına bir daha müraciət edir, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırım cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırırıq", - müraciətdə deyilir.

Müraciətdə vurğulanır ki, tarixi faktlar təsdiq edir ki, erməni millətçiləri zaman-zaman azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırım siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərin apardıqları bu etnik təmizləmə və soyqırım siyasətinin ağır nəticələrini bütövlükdə iki milyondan artıq azərbaycanlı, türk və digər müsəlman xalqları müxtəlif vaxtlarda öz üzərində hiss edib.

Ermənilərin, xüsusilə XX əsrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasız qalması onları daha da ruhlandırmış, zaman-zaman onlar bu cür faciələr törətməklə yanaşı, həm də bütün dünyada özlərini məzlum və soyqırıma məruz qalan bir xalq kimi təqdim etmişlər.

Lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərini kökündən sarsıtmaqla, bütün insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli soyqırım aktı olmuşdur ki, 21 il əvvəl bu cür dəhşətli qətliamı törədənlərin cəzalandırılmaması insanlıq və bəşəri dəyərlər adına utancverici bir hal olaraq qalmaqdadır.

"Düz 21 ildir ki, dünyada sülhü və ədaləti təmsil edən beynəlxalq qurumlar bu dəhşətli genosid aktına layiqli adekvat münasibət bildirməmişlər. Biz hesab edirik ki, Xocalı soyqırımının tanınması və günahkarların layiqincə cəzalandırılması bu soyqırımın canlı şahidləri olan yüzlərlə ailənin təskinlik tapmasına, gələcəkdə regionda bu cür dəhşətli hadisələrin təkrarlanmamasına, sülhün bərqərar olunmasına və Dağlıq Qarabağ münaqişəsinin müsbət və ədalətli həll olunmasına səbəb olardı. Biz, Azərbaycanda fəaliyyət göstərən və dünyanın yalnız sülh və ədalətlə idarə olunmasının lehinə olan QHT-lər olaraq, həm də Ermənistanda insan hüquqları üzrə fəaliyyət göstərən sivil və adalətli QHT-lərə də səslənməklə, 1992-ci il fevralın 26-da Xocalıda baş verən qətliama onların açıq mövqe nümayiş etdirmələrini hələ də gözləməkdəyik. Bir daha bildiririk ki, həmin gün azğınlaşmış erməni quldur birləşmələri keçmiş Sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı dəhşətə gətirən faşizmi də geridə qoyduqlarını nümayiş etdirmişlər", - müraciətdə deyilir.

Bildirilib ki, Xocalıda mülki əhalinin planlı şəkildə soyqırıma məruz qalmalarını sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün zorakılıqdan qaçıb canını qurtarmaq istəyən dinc əhali ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Şəhərdən çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar həm də ermənilərin 21 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

"Biz bir daha bəyan edirik ki, bu hal BMT-də 9 dekabr 1948-ci ildə qəbul olunmuş və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş "Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyada təsbit olunmuş müvafiq maddə ilə uyğunluq təşkil etməklə, beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlərdən biri olub, soyqırım kimi qəbul olunmalıdır. Biz, Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq, dünyada milli, etnik, dini, irqi ayrı-seçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik", - müraciətdə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti