Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Dağlıq Qarabağ münaqişəsində müharibəni böyük mənada uduzmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov deyib.
O deyib ki, Ermənistan Dağlıq Qarabağ torpaqlarını təkcə öz gücü ilə deyil, böyük güclər vasitəsi ilə işğal edib: "Torpaqlarımızın işğal olunmasının arxasında coğrafi baxımdan Ermənistan dayanmışdısa, hərbi və dünyəvi baxımdan, xüsusilə təəsübkeş xiristian gücləri və ən böyük imperiyalardan biri olan Rusiya dayanır", - Səlimov deyib.
Səlimovun sözlərinə görə, Azərbaycanın erməniləri ən uzağı, bir ay və ya ay yarım ərzində Qərbi Azərbaycanın əzəli torpqalarından qovub çıxartmağa qadir olan ordusu var:
"Mən bunu həm köhnə döyüşçü kimi, həm də Azərbaycan ordusunun daxilində olan potensiala güvənib deyirəm. Digər tərəfdən, Azərbaycan xalqının və Azərbaycan gəncinin müharibəyə münasibətinə güvənərək deyirəm. Bir keçmiş döyüşçü kimi hesab edirəm ki, Azərbaycan xalqı erməniləri hərbi yolla məğlub edəcək, qısa müddət ərzində torpaqlarımızı qaytaracağıq və haqqı bərpa edəcəyik. Bu, bizim haqqımıdır".
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonun işğalının 21-ci ildönümü ilə əlaqədar laçınlı məcburi köçkünlər Bakı şəhərində "Şəhidlər xiyabanı"nı ziyarət ediblər.
Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.