Azərbaycan, Bakı, 24 aprel /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü ATƏT-in yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) mayın 23-24-də regiona səfər ediblər. Onların səyləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə problemin nizamlanması üzrə sülh yollarının axtarışında kömək etməyə istiqamətlənib.
Prezidentlər və həmsədrlər regiondakı vəziyyəti müzakirə ediblər və sülh prosesinə sadiq qaldıqlarını təsdiq ediblər, həmçinin bu ilin sonunda prezidentlərin görüşünün vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Bəyanatda deyilir ki, həmsədrlər münaqişə tərəflərinin liderlərinin bu prosesin irəliləyişi üçün ideyaları öyrənməyə hazır olduqlarını qeyd ediblər və gərginliyi artıra və ya danışıqlara zərər verə biləcək fəaliyyət və ritorikadan çəkinməyin zəruriliyini bir daha bəyan ediblər.
Həmsədrlər münaqişənin həllinə qarşılıqlı qəbul oluna bilən yanaşmanı öyrənmək üçün yaxın həftələrdə xarici işlər nazirləri ilə görüşəcəklər.