Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bazar ertəsi Milli Məclisdə Azərbaycanın siyasi partiya nümayəndələri ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. O, Azərbaycanın AŞ PA ilə əməkdaşlığa xüsusi diqqət verdiyini deyib.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə görüşdə bildirib ki, Azərbaycan üçün Avropa Şurası mühüm təşkilatdır və yaxşı məktəbdir. Partiya sədri həmçinin deyib ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Minsk qrupunun fəaliyyətinə dəstəyini davam etdirməlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə görüşdə təəssüflə qeyd edib ki, avropalı parlamentarilərlə görüşlər formal xarakter daşıyır və bölgədə olan münaqişələrin həlli üçün irəliləyiş olmayıb. Azərbaycanda ən vacib məsələnin Dağlıq Qarabağ probleminin həlli olduğunu bildirən Rüstəmxanlı deyib ki, Ermənistan daima Rusiyanın əlində müstəqillik əldə etmək istəyən dövlətlərə qarşı vasitə rolunu oynayıb. O, Minsk qrupunun üzvlərini də turist təşkilatı adlandıraraq onun üzvlərini fəaliyyətsizlikdə günahlandırıb.
Ədalət Partiyasının sədri İlyas İsmayılov görüşdə bildirib ki, Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur, lakin Ermənistanın bütün qonşularına ərazi iddiaları mövcuddur. O, Minsk qrupunun fəaliyyətinə inanmadığını və qrupun üzvlərinin verdiyi bəyanatların tövsiyə xarakteri daşıdığını bildirib. İsmayılov artıq Azərbaycanda torpaqları digər yollarla azad etmək istəyinin mövcudluğunu bildirib.
Ümid Partiyasının sədri İqbal Ağazadə də görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, bölgənin demokratikləşməsi sülhün və barışın əldə olunmasından keçir: "Barış və sülhün əldə olunması da beynəlxalq prinsiplər əsasında ola bilər". Eyni zamanda, o, görüşdə Avropa Şurası ilə Azərbaycan arasında qanunlar və onların icrası mexanizmi ilə bağlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı görüşdə deyib ki, Ermənistan AŞ-yə sədriyə başlayıb və sədrlik imkanlarından istifadə edərək öz maraqlarından çıxış edəcək. Beynəlxalq aləmdə təcavüzkar dövlətin öz maraqlarına uyğun olan məsələni müzakirəyə çıxarması qəbul olunmur: "Ermənistanın bu cəhdi ona AŞ tərəfindən verilən etimaddan sui-istifadə kimi qəbul olunur".
Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı isə bildirib ki, dünyada baş verən münaqişələr həmin münaqişə tərəflərinin ciddi itkilərinə səbəb olur. Partiya sədri Avropa Şurası və ümumilikdə bəşəriyyət üçün ən mühüm vəzifələrdən birinin sülhə meydan verməkdən ibarət olduğunu bildirib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanda sülhyönümlü fəaliyyətin əleyhinə olduğunu bildirərək deyib ki, artıq sülh siyasətinin dalana dirəndiyi görünür. İşğalçı dövlətin AŞ kimi quruma rəhbərlik etməsi heç bir əxlaq normalarına uyğun gəlmir: "Ümid edirik ki, siz də bu məsələdə qəti mövqe ortalığa qoyacaqsınız".
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bildirib ki, qurum Azərbaycanla sıx əmədaşlıq üçün öz töhfəsini verməyə hazırdır.