Bahar Muradova: Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycan ərazilərinin işğaldan azad olunmasından başlayır

Ermənistan-Azərbaycan münaqişəsi Xəbər 11 Dekabr 2013 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Türkiyənin yeritdiyi siyasət, açıqladığı rəsmi mövqe ondan ibarətdir ki, münasibətlərin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır". Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə təsir göstərəcək bir neçə amil var. Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər: "Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə isə hər hansı bir layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm".

Vitse-spikerin sözlərinə görə, bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili, yəni qondarma "erməni soyqırımı"nın 100 illiyini hədəf götürərək normallaşmasını istəyənlər, əlbəttə ki, bu amilə də təsir göstərə biləcək hərəkətləri paralel aparmalıdırlar: "Bu belə olmadığı təqdirdə yenə də Türkiyə-Ermənistan münasibətlərinin normalaşacağına az ümid edirəm. Ona görə də, bu təmaslara normal baxırıq və bəzilərinin münasibətlərin olmaması ilə bağlı dediyi fikirləri bölüşmürəm. Əksinə, hesab edirəm ki, danışmamaqdansa, danışmaq, qarşılıqlı səfər etmək və ortada olan problemli məsələləri aradan qaldırmağın yolunu birgə düşünmək və hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac var. Bu münasibətlərin normallaşması Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasından başlamalıdır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti