Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir S.Əhmədova/
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Ankaraya yola düşür. Trend-in məlumatına görə, bu barədə həmsədr öz "twitter" səhifəsində yazıb.
C.Uorlik bildirib: "Bu gün Ankaraya yola düşürəm. Türkiyənin mövqeyini öyrənməyə səbirsizlənirəm".
O, nə məqsədlə səfər etdiyini yazmasa da, Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, onun Ankaraya səfərinin məqsədi Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini öyrənmək ibarətdir.
Həmsədrlər öncə Bakıda, sonra isə Yerevanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar aparıblar.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.