Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/
ABŞ-ın Kaliforniya ştatının qanunvericilik orqanının, onun hətta komitəsinin qəbul etdiyi qərarın bizim üçün heç bir hüquqi əsası yoxdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Kaliforniya Ştat Assambleyasında irəli sürülən, qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsinə münasibət bildirərkən deyib.
Z.Əsgərov bildirib: "Bunlar hamısı cəfəngiyyatdır. Bu barədə qərarın qəbul olunub-olunmamasından asılı olmayaraq, bunun heç bir mənası yoxdur".
Qeyd edək ki, mayın 5-də Kaliforniya Ştat Assambleyasının Qaydalar Komitəsində Assambleyasının üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən və qəbul olunacağı təqdirdə qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi keçirilib.
Müzakirələrdən öncə Kaliforniyanın Azərbaycan icmasının bir çox üzvü bu qərəzli qətnamənin əleyhinə çıxaraq etiraz aksiyası keçirib.
Erməni lobbisi qətnamə layihəsinin Assambleyanın plenar iclasının müzakirəsinə mayın 8-də - Şuşanın işğalı günü çıxarılmasını planlaşdırır.
O da qeyd edilməlidir ki, qətnamə layihəsini qəbul etmiş Qaydalar Komitəsinin bir üzvü - A.Nazaryan erməni əsillidir. Komitənin sədr müavini S.Vilkin isə həyat yoldaşı ermənidir və özü bu yaxınlarda ermənilərin milli qriqoryan dinini qəbul edib.