...

Oqtay Əsədov: Beynəlxalq təşkilatlarda ikili standartlara son vermək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2014 15:56 (UTC +04:00)
Cənubi Qafqazda mövcud olan münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur.
Oqtay Əsədov: Beynəlxalq təşkilatlarda ikili standartlara son vermək lazımdır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Cənubi Qafqazda mövcud olan münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur. Mən çox təəssüf edirəm ki, münaqişələr üzrə bir çox qətnamələr qəbul olunub. Amma bu günə kimi bu qətnamələrin heç biri öz həllini tapmayıb". Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker qeyd edib ki, bütün Azərbaycan xalqı münaqişənin həlli yollarının tapılması üçün səylərin artırılmasını gözləyir: "Hesab edirəm ki, bu səylər Avropa məkanında dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı olan bütün münaqişələrə vahid yanaşma üzərində qurularsa, onların səmərə verəcəyinə ümid bəsləmək olar".

O.Əsədov bildirib ki, qloballaşmanın getdikcə vüsət aldığı dünyada insan təhlükəsizliyi anlayışına daxil olan mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi, ölkə ərazisində yaşayan xalqların mövcudluğunun və ləyaqətinin qorunmasında dövlətlərlə yanaşı, beynəlxalq birlik, o cümlədən beynəlxalq təşkilatların da üzərində məsuliyyət düşür: "Xüsusən ümumavropa təhlükəsizliyi və əməkdaşlığı məqsədinə xidmət edən ATƏT-in potensialına diqqəti cəlb etmək istərdim. Hərbi, siyasi, iqtisadi, ekoloji və insan təhlükəsizliyinin təmin edilməsi məsələsində yalnız özünə xas olan yanaşmanı əsas götürməsi bu təşkilatın nadir ümumavropa qurumu olmasını şərtləndirir".

Onun sözlərinə görə, münaqişələrin qarşısının alınmasına, böhranlı halların nizama salınmasına, münaqişələrin nəticələrinin ləğv edilməsinə yönələn fəaliyyəti ilə ATƏT və onun Parlament Assambleyası ATƏT-in əhatə dairəsinə daxil olan bütün ərazilərdə təhlükəsizliyin və sabitliyin, nəticə etibarilə insan təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərə bilər: "Əminəm ki, Avropada sülh və sabitlik üçün təhlükə mənbəyi olan münaqişələrin tənzimlənməsi təşkilatın gündləyində duran ən vacib məsələdən biri olmalıdır. Bildiyimə görə, Parlament Assambleyasının 23-cü illik sessiyasının gündəliyinə Helsinki prinsiplərinin kobudcasına pozulması haqqında qətnamə layihəsi daxil edilib. Azərbaycan Helsinki prinsiplərindən millətlərin öz müqəddəratını təyin etməsi prinsipinə istinad edir. Lakin beynəlxalq hüquqda hamılıqla qəbul edilib ki, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi dövlətlərin ərazi bötüvlüyü prinsipi çərçivəsində öz həllini tapa bilər".

O.Əsədov qeyd edib ki, Azərbaycan həmişə bəyan edib ki, özünün ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək özünüidarəetmə statusu verə bilər: "Amma erməni tərəfi bununla da razı deyil. Belə olduğu halda, Ermənistanin 20 ildən artıq müddətdə Helsinki prinsiplərini kobudcasına pozması beynəlxalq təşkilatlar tərəfindən cavabsız qalıb. Ona görə də hesab edirəm ki, beynəlxalq təşkilatlarda ikili standartlara son vermək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti