...

Aydın Mirzəzadə: Silahsız Azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2014 11:09 (UTC +04:00)
İki mərd Azərbaycan kişisinin ölümünü gözünün qarşısına alaraq işğal olunmuş Azərbaycan torpaqlarına getməsi xalqımızın genetik qorxmazlığından xəbər verir.
Aydın Mirzəzadə: Silahsız Azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

İki mərd Azərbaycan kişisinin ölümünü gözünün qarşısına alaraq işğal olunmuş Azərbaycan torpaqlarına getməsi xalqımızın genetik qorxmazlığından xəbər verir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə iki azərbaycanlının - Azərbaycan vətəndaşı 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və Rusiya vətəndaşı 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərovun erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı məsələyə münasibətində bildirib.

Onun sözlərinə görə, son günlər həm Ermənistan, həm Azərbaycan mətbuatında Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çox saylı məlumatlar verilir: "Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir. İki mülki vətəndaş onların cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər də edirlər. Bu isə Ermənistanın özündə Ermənistan ordusu haqqında mifi darmadağın etmiş olur. Azərbaycan mətbuatında isə məlumatlar həyacanla və fəxarətlə verilir".

Millət vəkilinin fikrincə, hər iki azərbaycanlının bu hərəkəti onların cəsur olduqlarından xəbər verir: "İki mərd Azərbaycan kişisi ölümünü gözünün qarşısına alaraq düşmən tərəfə keçməsi və özlərini evlərindəki kimi hiss etməsi xalqımızın genetik qorxmazlığından xəbər verir. Əslində də belədir. Kəlbəcər Azərbaycan ərazisidir və hər iki şəxs öz evlərinə getmələrii üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər".

A.Mirzəzadə qeyd edib ki, girov götürülən azərbaycanlılarının yaxınlarının da dediklərinə görə, onlar əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Bu onu göstərir ki, Ermənistan əsgəri tutduğu ərazini heç də güclü qorumur: "Hər halda Dilqəmin və Şahların o ərazidə tutulması bunu sübut edir. Bilmirəm bu "başısoyuqluğa" görə neçə erməni generalı vəzifəsindən qovulacaq, neçə hərbi hissəyə qəfil yoxlamalar gələcək, ancaq göründüyü kimi silahsız azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş".

Deputatın sözlərinə görə, belə nümunələr yaxın tariximizdə artıq olub:"Ramil Səfərov Ermənistan zabitinin Azərbaycan bayrağına təhqrinə dözməyərək onun layiqli cəzasını verməsini hər birimiz bilirik.Mübariz İbrahimov Ermənistan əsgərlərinin azğınlığına dözməyərək işğal edilmiş tərəfə keçərək neçəsinin layiqli cəzasını verməsi çox ədalətli idi. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən ayrılığna dözməyərək öz evlərinə döndülər. Onlar üçün bütün müharibə və diplomatik qaydaları mövcud deyilmiş və bununla da Ermənistanın kürkünə birə saldılar. Bütün oğulları kimi Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaqdır. Şübhəm yoxdur ki, dövlətimizin gücünü bu məsələdə də görəcəyik".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri Erməni xüsusi təyinatlıları tərəfindən Kəlbəcərin Şaplar kəndində Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı "diversant"ın tutulduğu və onlara cinayət işi açıldığı barədə məlumat yayılıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti