...

Ermənistan tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlıların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 12:16 (UTC +04:00)
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət edib.
Ermənistan tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlıların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət edib.

Trend-in məlumatına görə, komitənin üzvi Elxan Salahov bu gün keçirdikləri tədbirdə bildirib ki, bu il iyulun 10-da Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənov adlı üç azərbaycanlı öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistanın Silahlı Qüvvələrinin əməkdaşları tərəfindən girov götürülüblər. Halbuki Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıblar, öz doğma torpaqlarında gəzib, yaxınlarının məzarlarını ziyarət ediblər: "Onların hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna getmələrində də məqsədləri elə bu idi. Onlar Azərbaycanın dövlət sərhədlərindən kənara çıxmayıblar. Ancaq görünür ki, Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində sərbəst hərəkət etmək, ev-eşiyini, yaxınlarının məzarlarını ziyarət etmək hüquqlarını pozur. Bu azmış kimi, Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını "diversant" kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə ziyan vurur".

Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, mülki şəxslərin Azərbaycan dövlətinin ərazisində Ermənistan tərəfindən girov götürülməsi beynəlxalq hüquq normalarına ziddir: "Ermənistan həmin vətəndaşları öz torpağından qovub, onların həmin ərazilərə gəlməsinə qadağa qoyub. Hətta II Dünya müharibəsi illərində faşistlər işğal etdikləri ərazilərin sakinlərini oradan köçürməyiblər. Azərbaycan vətəndaşı öz dövlətinin ərazisində bir məkandan digər məkana getməsi üçün kimdənsə icazə ala bilməz. Onları oraya aparan genetik yaddaşları olub".

Daha sonra E.Salahov beynəlxalq qurumlara ünvanladıqları müraciətin mətnini oxuyub. Müraciətdə qeyd edilib ki, Ermənistanın bu hərəkətləri, eləcə də Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik siyasəti pislənilir.

Müraciəti imzalayan millət vəkilləri, ictimai xadimlər, məcburi köçkünlər, KİV nümayəndələri beynəlxalq təşkilatlardan xahiş edirlər ki, onlar Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun saxlanma şəraiti ilə yaxından tanış olsunlar. Girov götürülən bu şəxslərə qarşı işgəncə faktlarını qeydə alsınlar və həmin şəxslərin mümkün qədər tez azad edilərək öz ailələrinə qovuşmasını təmin etsinlər: "Biz beynəlxalq qurumları və dünya ictimaiyyətini Ermənistanın insanlığa, beynəlxalq hüquq normalarına zidd hərəkət və davranışlarını pisləməyə, Kəlbəcər rayonu ərazisində girov saxlanılan Azərbaycan vətəndaşlarının tezliklə geri qaytarılması üçün ciddi addımlar atmağa cağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti