...

Ceyms Uorlik: Qoşunların təmas xəttində vəziyyəti yumşaltmaq üçün təxirəsalınmaz addımlar atmaq lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2014 12:47 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi artıq "dondurulmuş" deyil və yaranmış vəziyyət bizi çox narahat edir.
Ceyms Uorlik: Qoşunların təmas xəttində vəziyyəti yumşaltmaq üçün təxirəsalınmaz addımlar atmaq lazımdır

Azərbaycan, Bakı, 9 avqust/Trend/

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi artıq "dondurulmuş" deyil və yaranmış vəziyyət bizi çox narahat edir. Şübhəsiz ki, vəziyyətin yumşaldılması üçün təxirəsalınmaz addımlar atmaq lazımdır". Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, buna doğru ilk addım Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə ehtimal edilən görüşü olacaq: "Ümid edirəm ki, bu görüş Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almağa imkan verəcək".

C.Uorlik tərəflərin sülh danışıqlarına hazırlığı haqqında sualı cavablandırarkən bildirib: "Sizi əmin edə bilərəm ki, hər iki prezidentlə söhbətdən sonra tərəflər problemin sülh yolu ilə həllini tapmaq istəyirlər və biz sülh danışıqlarının uğurlu gedişatına hər cür səy göstərməliyik, lakin prezidentlərin hazırlığı da zəruridir. Bununla da bizim prosesin qarşıdakı inkişafı ilə bağlı gözləntilərimiz böyükdür. Eyni zamanda, biz mövcud vəziyyətdən narahatıq. Təbii ki, tərəflərdən heç biri digərinin gözündə zəif görünmək istəmir, lakin bir şeydə əminik ki, müharibə deyil, sülh danışıqları lazımdır".

Rusiyanın bu münaqişədə gizli məqsədlər güdməsi məsələsinə gəlincə, diplomat qeyd edib ki, hazırda Rusiyanın özündə sərhədlərdə böyük problemlər var, bununla əlaqədar olaraq, o, yeni toqquşmalarda maraqlı deyil: "Biz Rusiya tərəfi ilə səmərəli işləyirik və mən əminəm ki, Rusiya yeni problemlərdə maraqlı deyil. Biz də münaqişənin sülh yolu ilə həll edilməsinə maraq göstəririk, çünki Cənubi Qafqaz ölkələri tərəfdaşlarımızdır. Bu regionda sabitlik və sülhdə maraqlıyıq".

O vurğulayıb ki, sülh haqqında qərar Ermənistan və Azərbaycandan asılıdır, problemin həlli isə xeyli səy tələb edir: "Dünyadakı vəziyyət ABŞ-ı narahat edir, lakin bu, heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prioritetin zəifləməsinin səbəbi deyil. Məqsədimiz Avropanı bütöv, sülh və azad şəkildə görməkdir. Dağlıq Qarabağ məsələsi Avropa üçün problemdir və ABŞ bütün tərəfləri qane edən həldə maraqlıdır. Təkrar edirəm ki, məqsədimiz Avropanı bütöv, sülh və azad şəkildə görməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti