...

Mübariz Əhmədoğlu: Gömrük İttifaqı Ermənistanı üzv qəbul edənədək onun Dağlıq Qarabağla əlaqələrini öz nizamnaməsinə uyğunlaşdırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2014 11:43 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi Gömrük İttifaqının və ya Avrasiya İqtisadi Birliyinin başının üstündə Domokl qılıncı kimi dayanır.
Mübariz Əhmədoğlu: Gömrük İttifaqı Ermənistanı üzv qəbul edənədək onun Dağlıq Qarabağla əlaqələrini öz nizamnaməsinə uyğunlaşdırmalıdır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Dağlıq Qarabağ məsələsi Gömrük İttifaqının və ya Avrasiya İqtisadi Birliyinin başının üstündə Domokl qılıncı kimi dayanır. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Qazaxıstan və Belarusun ədalətli mövqeyinin Azərbaycanın mövqeyinə cavab verdiyi başadüşüləndir: "Hətta bu iki dövlətin mövqeyini məhz Azərbaycana görə müəyyənləşdirdiklərini qəbul edirik. Amma məsələnin iki vacib aspekti var: Bunlardan birincisi Ermənistanın keçmiş SSRİ-dən bu günədək dezinteqrasiya prosesinin simvolu olmasıdır. Ermənistanın müxtəlif dövlətlərin, o cümlədən Rusiyanın əlində alət olub, ərazi bütövlüyünü pozan mexanizmə çevrilməsi Qazaxıstanı və Belarusu narahat etməlidir və narahat edir. Qazaxıstan və Belarus hər hansı formada ərazi bütövlüyünün pozulmasını mükafatlandırmaq niyyətində deyillər. Əgər indi onlar Azərbaycan ərazilərini işğal edən Ermənistanın Gömrük İttifaqına qoşulmağına razılıq verəcəklərsə, müəyyən zaman kəsiyindən sonra həmin dezinteqrasiya proseslərinin, bir az da dəqiqi ərazi bütövlüyünün pozulmasının öz ərazilərinə buraxılmasına razılıq vermələri deməkdir. Həm Qazaxıstan, həm də Belarus Rusiya tərəfdən belə təhlükəni gözləyirlər. Ona görə Rusiya Belarus və Qazaxıstana ərazi bütövlüklərini pozmaq istiqamətində fəaliyyət göstərməyəcəyinə zəmanət verməlidir".

M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağın Rusiya tərəfdən Azərbaycana qaytarılması MDB məkanında işğalçılığın və ya ərazi bütövlüyü prinsipinin pozulmasının cəzalandırılması kimi başa düşülə bilər: "Bu Gömrük İttifaqının digər iki üzvündə də xoş əhval-ruhiyyə yaradacaq. İkinci aspekt Ermənistanın iqtisadi problemli olmasıdır. Ermənistan nəinki iqtisadi problemli, ümumiyyətlə iqtisadi problemləri getdikcə dərinləşən və sürətlənən ölkədir. Ölkənin rəhbərliyi tam kriminal və korrupsiyalaşmış rejimdir. İş o yerə çatıb ki, Zimbabvedə qeydiyyatdan keçmiş hansısa şirkət ərik məskəni olan Ermənistanda kəndlilərə ərik yetişdirməyi öyrədir. "Zimbabve şirkəti" bu məqsədlə dövlət büdcəsindən 292 min dollar pul xərcləyib. Belə problemli dövlətin Gömrük İttifaqına üzv qəbul edilməsi həmin "innovativ", ultramüasir kriminal-korrupsiya sxemlərinin Gömrük İttifaqı məkanına daşınması deməkdir".

Politoloqun fikrincə, Gömrük İttifaqına üzv olmağa hazırlaşan Ermənistan bir çox parametrləri üzrə islah olunmalıdır. Və bu islah olunma onun işğalçılığının ləğvindən başlamalıdır.

Gömrük İttifaqının Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqələri öyrənən işçi qrup yaradıb, bu əlaqələri Gömrük İttifaqının qaydalarına uyğunlaşdırılması zərurətdir. Bu mümkündür və elə çox vaxt tələb etmir. Bəzi məsələləri biz yada sala bilərik.

I) Dağlıq Qarabağda istehsal olunan məhsullar xüsusilə RF bazarlarında satılır. Son sanksiyalar dövründə Ermənistanın iş adamları Dağlıq Qarabağdan Moskvaya göndərilən məhsulların adlarını açıqladılar.

II) Moskvada qeydiyyatdan keçmiş xeyli şirkət və iki bank Dağlıq Qarabağın ərazisində tam gücü ilə fəaliyyətdədir. Gömrük İttifaqının nizamnaməsi bank xidmətlərinin də Gömrük İttifaqının ərazisindən qırağa çıxarmağa icazə vermir. Belə şirkətlərin, tutaq ki "Ameriabank"ın ya Moskvadakı, ya da Dağlıq Qarabağdakı fəaliyyəti ləğv edilməlidir. "Ameriabank"ın sədri R.Vardanyan Rusiya-İtaliya birgə müəssisəsi yaratmaqla, həmin müəssisənin Dağlıq Qarabağda törəmə şirkətini yaradıb.

III) Ermənistan dövlət olaraq hər il 78 milyon dollar məbləğində pulu dövlətlərarası yardım adı ilə öz büdcəsindən "Dağlıq Qarabağın büdcəsinə" keçirir.

IV) Hal-hazırda Ermənistanın ən azı 20 min vətəndaşı Dağlıq Qarabağda hərbi xidmətdədir. Hərbi xidmətçi kimi maaş alır. 20 min erməni hərbiçisinin Dağlıq Qarabağda fəaliyyət göstərməsi Gömrük İttifaqının miqrasiya qanunlarına ziddir.

V) Dağlıq Qarabağda təxminən dörd min yerli erməni Ermənistan Müdafiə nazirliyi ilə müqavilə imzalayıb, maaş alır. Bu həm xidmətlərin və maliyyə dövriyyəsinin, həm də miqrasiya qanunlarının pozulması deməkdir.

VI) Rusiyanın təbii qazı Ermənistan ərazisindən Azərbaycan respublikasına daxil olaraq oradan digər işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağa nəql olunur. RF-in təbii qazı Dağlıq Qarabağda həm sənaye, həm də məişətdə müxtəlif məqsədlər üçün istifadə edir. Bu beynəlxalq hüququn 4-5 maddəsinin aşkar pozulması deməkdir. Hər halda Gömrük İttifaqı fəaliyyətinə beynəlxalq hüququn pozulması ilə başlayacaqsa, bu qurumun Misirdə və ya Türkiyədə, eləcə də bütövlükdə dünyada ciddi nüfuzu olmayacaqdır.

VII) Dağlıq Qarabağda istehlak olunan neft məhsullarının da böyük əksəriyyəti Gömrük İttifaqı mənşəlidir. Əksəriyyət Rusiyaya məxsus olsa da erməni mətbuatının yaydığı məlumata görə, bir-iki dəfə Qazaxıstandan da Ermənistana təbii qaz və neft məhsulları gətirilib. Ona görə bu məsələ də öz hüquqi həllini tapmalıdır.

M.Əhmədoğlu hesab edir ki, əgər Rusiya Qazaxıstan və Belarudan digər ölkələrdən gələn mal, məhsul və xidmətlərin əraziləri vasitəsi ilə Rusiya bazarlarına buraxılmamağı tələb edirsə, bu qaydaya özü də əməl etməlidir: "Hər halda Gömrük İttifaqının yaratdığı işçi qrup bu məsələləri Ermənistanla razılaşdırmalıdır. Gömrük İttifaqının üzvü olmaq istəyən Ermənistan Dağlıq Qarabağla əlaqələrini bir mənalı şəkildə dayandırmalı, zəruri əlaqələrini Azərbaycan vasitəsi ilə qurmalıdır. Eləcə də Gömrük İttifaqı öz məhsul və xidmətlərinin Dağlıq Qarabağ ərazisində zəruri reallaşmasının müvəqqəti halını Azərbaycanla razılaşdıra bilər. Gömrük İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında münasibətlərin xoş olması buna imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti