Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Ermənistanın və ermənipərəst Rusiya ekspertlərinin bir qrupu "Qarabağmərkəz" doktrinası hazırlayıblar. Doktrinanın meydana çıxmasının əsas səbəbi Ermənistanın apardığı qeyri-müəyyən və ya şübhəli xarici siyasətə həmin qrupların etibar etməməsidir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan Qərblə münasibətdə həmin ekspertlərin gözlədiyindən xeyli qabağa gedib: "Ermənistan rəhbərliyi Rusiya ilə ciddi problemlərə malikdir. Həmin ekspertlərin prizmasından Ermənistanın daha böyük günahı İranla eyni istiqamətdə hərəkət etməməsidir. Ona görə bu qruplar Ermənistan hakimiyyətinin apardığı siyasəti aşkar şəkildə müdafiə edə bilmirlər. Başa düşürlər ki, Ermənistan rəhbərliyinin apardığı siyasət Ermənistan dövlətçiliyini ciddi şübhə altına salır. Analitik ağılın sərbəst olması şəksizdir. Ona görə analitik mühakimə qabiliyyətləri şübhə doğurmayan həmin dairələr Ermənistan dövlətçiliyinə keçid vəziyyət kimi yanaşırlar və Ermənistan dövlətçiliyinin məhv olacağı təqdirdə erməni dövləti kimi Qarabağın müstəqilliyinin tanınması ideyasını dəstəkləyirlər".
Politoloq bildirib ki, "Qarabağmərkəzçilər" bununla erməniliyin 2 dövlət üçün resursunun olmadığını etiraf edirlər. Erməniliyin resursu hətta Ermənistan Respublikası parametrli bir dövlət üçün kifayət etmir. Erməniliyin resursu yalnız Dağlıq Qarabağ parametrli dövlət üçün yetərlidir: ""Qarabağmərkəzçilər" əksərən İA REX ətrafında toplaşıblar. İA REX-in rəsmi sahibi S.Tarasov olsa da, real vəziyyəti idarə edən M.Kolerovdur. M.Kolerov Kremldə MDB və MDB ətrafı inteqrasiya məsələləri ilə məşğul olan kifayət qədər nüfuzlu idarəyə rəhbərlik etmiş şəxsdir. İA REX-in ətrafında toplaşmış ekspertlər bütün məsələlərə erməni prizmasından yanaşırlar. "Qarabağmərkəzçilik" bu ekspertlər tərəfindən ideallaşdırılır; hətta "Stepanakert"i üçüncü Roma hesab edirlər. Onların fikrincə, Moskva "Stepanakert"lə təmasda olmaq imkanına görə sevinməlidir".
Onun sözlərinə görə, belə ekspertlər qrupu yaratmaq ideyasının müəllifi iranpərəst erməni ekspertidir. Maliyyə mənbəyi İrandadır. Bu qrupda aparıcı ekspertlərin əksəriyyəti milliyyətcə rusdur. Talışların və ləzgilərin ələ alınmış bəzi təmsilçilərinin bu qrupda olması bu ideyanın mahiyyətindən irəli gəlir. Son hədəfi heç özlərinə də bəlli olmayan deyil bu dairənin korporativ maraqları da öndədir: "Diqqəti çəkən ən vacib məsələ "Qarabağmərkəzçilər"-in Ermənistan dövlətçiliyinin itirilməsi fikri ilə barışmasıdır. "Qarabağmərkəzçilər" Ermənistan və dünya erməniliyi ətrafındakı neqativ vəziyyəti tam iflasdan xilas etmək istəyirlər. Onlarin düşüncəsinə görə, Rusiya Türkiyə ilə normal münasibətlər naminə Ermənistanı Türkiyəyə qurban verəcək, Türkiyə Azərbaycandan əl çəkəcək. Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. İranı özünə düşmən etmiş Azərbaycan bu plana maneçilik edə bilməz. Naxçıvanı da itirə bilər. İA Rex ətrafındakı ekspertlərin fikrincə dünyada olan bütün bədbəxtliklər, neqativliklər Azərbaycana daxil olmağa can atırlar, növbəyə durublar. Amma bu ekspertlər neqativliyin indiki ünvanını görmək istəmirlər. Onların arealında bu ünvan təkcə Ermənistan deyil, bu neqativlik ünvanında Ermənistandan qat-qat böyük dövlət də var. Moskva Ermənistanın "Armavia" şirkətini müflis etdi. "Armavia"-nın başçısı Qarabağ mənşəli erməni M.Baqdasarovdur. M.Baqdasarov R.Koçaryanın Ermənistanda prezidentliyi dövründə Ermənistanda uğurlu fəaliyyət göstərən "Sibir" (RF) aviaşirkətini rüsvaycasına qovdu çıxartdı.
Moskvada həbs olunmuş Qarabağ mənşəli erməni milyarderi L.Ayrapetyanın Moskvada kriminal və biznes uğuru əldə etməsində R.Koçaryanın mühüm rolu olub. L.Ayrapetyanın Rusiya hakimiyyəti ilə əlaqələrini R.Koçaryan qurmuşdu".
M.Əhmədoğlu deyib ki, hərbi istehkam olan ABŞ-ın Ermənistandakı səfirliyinin binasını tikintisi ilə bağlı bütün məsələlər də R.Koçaryanın dövründə həllini tapmışdı: "Bako Saakyan həmin dövrdə Ermənistanın Rusiyadakı səfirliyində xüsusi xidmət orqanlarının təmsilçisi idi. "AFK Sistema" (RF) direktoruna qarşı cinayət işi açılıb. Bu strukturun rəhbərlərindən və səhmdarlarından biri də Ermənistanın eks-prezidenti R.Koçaryandır. Moskvada tanınmış ermənilərin yaxşı vəziyyətdə olmadığı göz qabağındadır, o cümlədən təzyiqə məruz qalan ermənilərin böyük əksəriyyətinin bu və ya digər dərəcədə Qarabağ klanının üzvü olması da diqqəti çəkir. M.Kolerov özü də erməni ənənələrinə görə Qarabağ klanının üzvüdür. Keçmiş "Qarabağ" komitəsinin üzvü olmuş A.Manuçaryanın ailəsinin üzvü olmaq elə Qarabağ klanının üzvü olmaq deməkdir. "Qarabağ" komitəsi isə bir vaxtlar ABŞ-ın xüsusi xidmət orqanlarının əlində SSRİ-nin dağılması prosesində əsas instrumentlərdən biri idi.
Görünür, hansısa amillər M.Kolerova məsələnin bu tərəfini dərk etməyə imkan vermir. Bildiyimiz dəqiq bir şey var. Dünyada sonuncu erməni qalana qədər Azərbaycan erməni məsələsinə və onun tör-töküntülərinə qarşı mübarizə aparacaq. Azərbaycan buna imkanı var və həmişə imkanı olacaq. Azərbaycan "Qarabağmərkəzçilər"-in istinad etdiyi dövlətdən dəfələrlə çox inkişaf potensialına malikdir".