...

"Həmsədr ölkələrin Minsk qrupunun formatını dəyişmək niyyəti yoxdur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2014 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi arasında fikir ayrılığı yoxdur. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın bu ölkədəki səfiri Con Heffern "NATO həftəsi" tədbirləri çərçivəsində Yerevan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nizamlanma baxımından çox çətin münaqişədir: "Minsk qrupunun formatına cəlb edilmiş 3 həmsədr ölkə - ABŞ, Fransa və Rusiya digər məsələlərdə, məsələn, Ukrayna məsələsində fikir ayrılıqlarına rəğmən, bu məsələ ətrafında birgə işləyir".

Səfir əlavə edib ki, həmsədr ölkələrinin Minsk qrupunun formatını dəyişmək niyyəti yoxdur: "Biz mövcud formatı saxlamaq niyyətindəyik".

Sülhməramlı qoşunların Dağlıq Qarabağ zonasında yerləşdirilməsi ehtimalına gəlincə, C.Heffern qeyd edib ki, əgər həmin zonada sülhməramlı qüvvələr yerləşdirilsə, bu sülhməramlı missiyaya kimin cəlb ediləcəyi məsələsi ortaya çıxır: "Çətin ki bu, NATO olsun. Hər halda münaqişənin nizamlanması prosesinin inkişafı ilə paralel olaraq sülhməramlı qüvvələr lazımdır".

Diplomat bir daha vurğulayıb ki, NATO tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini dəstəkləyir və Minsk qrupunun həyata keçirdiyi bütün prosesləri müdafiə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti