...

Rəsmi Bakı: Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən açıqlaması bir daha onu göstərir ki, Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın 19 noyabr tarixində söylədiklərinə şərh verərkən bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistan xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin - Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Ermənistan ATƏT üzvü olan yeganə dövlətdir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzv dövlətinin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir".

XİN rəsmisi bildirib ki, cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur: "Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilib və güc tətbiq edərək hədələmək aktı həyata keçirilib".

Onun sözlərinə görə, Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub: "Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, "arabo" və "aramo" terror qruplaşmalarını xatırlatmaq kifayətdir".

H.Hacıyev qeyd edib ki, Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir: "Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq tam məsuliyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti