...

Veteranlar cəbhə bölgələrinə mütəmadi səfərlər təşkil edəcəklər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Avqust 2015 13:17 (UTC +04:00)
Azərbaycandan olan Əfqanıstan müharibəsi veteranları bundan sonra cəbhə bölgələrinə mütəmadi səfərlər təşkil edəcəklər.
Veteranlar cəbhə bölgələrinə mütəmadi səfərlər təşkil edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycandan olan Əfqanıstan müharibəsi veteranları bundan sonra cəbhə bölgələrinə mütəmadi səfərlər təşkil edəcəklər. Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev deyib.

Onun sözlərinə görə, Zakir Həsənovun müdafiə naziri vəzifəsinə gətirilməsindən sonra onlara qarşı diqqət xeyli artıb və veteranların cəbhəyə səfəri nazirlik tərəfindən yüksək səviyyədə təşkil olunub.

Bundan əvvəl bir neçə dəfə bu cür təşəbbüslərinin olduğunu deyən M.Vəliyev qeyd etdi ki, məsələyə nazirliyin o dövrkü rəhbərliyi tərəfindən maraq göstərilməməsi səbəbindən səfərlər baş tutmayıb: "Biz bir neçə dəfə belə təşəbbüslə çıxış etmişdik, amma bir sıra səbəblərdən bu baş tutmamışdı. Biz cəbhə bölgəsində bir sıra görüşlər keçirdik. Maarifləndirici söhbətlər apardıq. Hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşüb, onların şikayətlərini dinlədik. Təmas xəttində xidməti şəraitlə tanış olduq. Gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçdik. Ümid edirəm ki, bu cür səfərlər davamlı olacaq".

Əfqanıstan veteranlarıını Şəmkir şəhərində Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb.

M.Vəliyev bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib. Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.

Qeyd edək ki, cəbhə bölgəsinə səfər edənlər arasında Əfqanıstan müharibəsi veteranlarından "Qırmızı Döyüş Bayrağı" ordeni ilə ehtiyatda olan zabit Şakir Əhmədov, "Qırmızı Ulduz" ordenli Əbülfət Hüseynov, "İgidliyə görə" medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti