...

Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2016 11:16 (UTC +04:00)
Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.
Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.

1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.

İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi dörd il keçir. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib. 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülmüşdür. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

Harada yaşamağından asılı olmayaraq-Azərbaycanda, Azərbaycandan kənarda da hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin- Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsübətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.

Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Xocalıya hücüm edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Bu gün dünyada yaşayan milyonlarla azərbaycanlı, dostlarımız Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əllərindən gələni edirlər. Biz hər birimiz Ali Baş Komandanın döyüş əmri ilə nəinki Xocalıda şəhid olan soydaşlarımızın Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisasını almağa hər an hazır olmalıyıq.

Aliyə Ağrılı -YAP Gənclər Birliyi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti