...

Con Kerrinin Dağlıq Qarabağla bağlı bəyanatı nə vəd edir?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2016 15:22 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici bəyanat verib.
Con Kerrinin Dağlıq Qarabağla bağlı bəyanatı nə vəd edir?

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici bəyanat verib.

C.Kerri mətbuata bəyanatla çıxışında deyib: "Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəyahət öz həllini tapmasını görmək istəyirik".

Dövlət katibinin qətiyyətli görünən bu bəyanatı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşəcəyinə ümidlər yaradır. Lakin bunun nə dərəcədə reallaşacağı barədə konkret bir şey söyləmək çox çətindir.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətinin artması müsbət haldır.

A.Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin C.Kerri ilə görüşü çox təqdirəlayiq bir hadisə kimi qiymətləndirilməlidir.

Politoloqun sözlərinə görə, ABŞ başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda meqalayihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından çox mühüm bir addımdır: "Məhz buna görə də Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır. Eyni zamanda ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsinə hazırlıq gedir. Bu komanda özündən sonra bir sıra münaqişələrin həllini müsbət mənada miras kimi qoyub getməyə çalışır. Düşünürəm ki, məhz buna görə də bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət artacaq. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri məhz ABŞ-dır".

A.Nağıyevin fikrincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət mənada müvafiq addımlar atmağa hazırdır: "Düşünürəm ki, bundan sonra münaqişənin həlli istiqamətində müəyyən aktivlik gözləmək olar. Lakin unutmaq lazım deyil ki, ermənilər və erməninin havadarları Dağlıq Qarabağ münaqişəsinin həllini ümumiyyətlə istəmir. Nə qədər atəşkəs uzansa, nə qədər münaqişə çox uzansa, bu bir o qədər Serj Sarkisyan rejminin hakimiyyətdə qalmasına şərait yaradacaq. Buna görə də ermənilər və onların havadarları çalışacaq ki, bu ərəfədə də atəşkəs pozulsun və digər addımlar atılsın. Lakin dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirsə, yəqin ki, bu münaqişənin həlli istiqamətində müəyyən təkan olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti