...

Berndə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 14:39 (UTC +04:00)

Bakı. Trend:

“Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə fevralın 22-də Bern şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı Xocalı soyqırımı haqqında qonaqlara geniş məlumat verərək, bu faciəni Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri kimi xarakterizə edib. Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası barədə ətraflı məlumat verən səfir Xocalı soyqırımının Bosniya və Herseqovina, Çexiya Respublikası, Cibuti, Honduras, İordaniya, Kolumbiya, Meksika, Qvatemala, Panama, Pakistan, Peru, Rumıniya, Sudan parlamentləri, ABŞ-ın 14-də çox ştatı, həmçinin 57 islam ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirib.

Səfir Xocalı faciəsi ilə bağlı tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyini bildirərək, yaxın gələcəkdə İsveçrə parlamentinin bu faciəyə hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bəyan edib. Növbəti çıxışçı Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəsi Eliza Piter Xocalı soyqırımı barədə məlumat verilməsinin əsas məqsədinin intiqam hissi deyil, ədalətin bərpasının təmin olunması olduğunu, bu faciədən sağ qalanların ailələri üçün bunun bir təskinlik olacağını bildirib.

Sonra səhnəyə çıxan fransız bəstəkar Pyer Tilua bu faciəyə biganə qalmağın mümkün olmadığını, hadisənin qurbanlarının xatirəsi qarşısında öz insanlıq borcunu yerinə yetirərək “Xocalı 613” musiqi əsərini bəstələdiyini bildirib. Sonda isə “Xocalı 613” əsəri tamaşaçılara təqdim edilib, o cümlədən Azərbaycan və qərb bəstəkarlarının əsərləri ifa edilib. Tədbirdə İsveçrənin müxtəlif dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk diasporu iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti