...

Vüqar Rəhimzadə: Günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın terrorçu siyasətinin mahiyyətidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 19:32 (UTC +04:00)
Günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın terrorçu siyasətinin mahiyyətini ortaya qoyur.
Vüqar Rəhimzadə: Günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın terrorçu siyasətinin mahiyyətidir

Bakı. Trend:

Günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın terrorçu siyasətinin mahiyyətini ortaya qoyur.

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, 25 il bundan əvvəl olduğu kimi terrorist, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf seçilir:

"1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız Zəhraları qətlə yetirməklə öz cinayət əməllərini davam etdirirlər. Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar. Təbii ki, quldur və terrorçu ermənilərin bu əməlləri cavabsız qalmayacaq. Güclü Azərbaycan Ordusu və torpaqlarımızın keşiyində dayanan qəhrəman əsgərlərimiz adekvat addımlar atacaq, 2016-cı ilin aprel ayında olduğu kimi yenidən düşmənə öz yerini göstərəcək. Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq.”

V.Rəhimzadə mənfur Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları insan haqlarının, 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

O qeyd edib ki, düşmənin təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu yaratmaq məqsədi daşıyır: “Ancaq azğın düşmən unudur ki, xalqımız, Azərbaycan Ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə, cəbhə bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil”.

YAP Siyasi Şurasının üzvü bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir: “Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır. Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir.”

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti