Bakı. Samir Əli - Trend:
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, komitə sədri qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.
Onun sözlərinə görə, bu ilin sonuna qədər ümumilikdə 6000 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək: "Onlardan 3700-dən çoxu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerdə qalanları isə özəl sektorun köməkliyi ilə tikilən mənzillərdir. Bununla yanaşı, Şirvanda 300 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilib. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək. Mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir.
R.Rzayev bildirib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir: "Hazırda 24 min ailə ağır şəraitdə yaşayır. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub".