...

Litvadan olan müşahidəçi: Sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2020 11:01 (UTC +04:00)
Dağlıq Qarabağ və onun ətraf rayonlarının Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın inkişafı üçün çox böyük əngəldir.
Litvadan olan müşahidəçi: Sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü  təmin ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dağlıq Qarabağ və onun ətraf rayonlarının Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın inkişafı üçün çox böyük əngəldir. Biz bunu ciddi təəssüf hissi ilə qeyd edirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Litvadan olan beynəlxalq müşahidəçi, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Valeriy Simulik deyib.

Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xüsusi nəzərə çatdıran V.Simulikin sözlərinə görə, Litva-Azərbaycan Dostluq Qrupunun üzvləri olaraq, Azərbaycan torpaqlarının işğal edilməsi probleminə bələddirlər və bu həqiqətləri çox gözəl bilirlər:

"Bunu da deyim ki, Litva, Latviya və Estoniyanı birləşdirən Baltika Assambleyası var. Mən bir müddət həmin assambleyanın parlamentlərarası qurumunun rəhbəri olmuşam. Bizim bir bəyanatımız olub və orada qeyd etmişik ki, bütün GUAM ölkələrinin, yəni Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi var. Onların ərazi bütövlüyünə müəyyən təcavüzlər edilib. Günahkar kimdir? - bunu hamımız çox yaxşı bilirik".

V.Simulik əlavə edib ki, Litvanın özü də uzun müddət işğal altında olub: "Əlbəttə ki, işğal faktorunun aradan qaldırılması üçün çox vaxt lazımdır. Xalq səbrli olmalıdır, amma sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü də təmin ediləcək".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti