Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında "qızıl şans"ı əldən buraxıb və bugünkü gündə dünya ictimaiyyəti həmin problemin həlli məsələlərinə daha az diqqət ayırır.
Trend bildirir ki, sentyabrın 9-da Bakıda keçirilən mətbuat konfransında böhranların qarşısının alınması Beynəlxalq qrupunun (ICG) Avropa bölməsinin vitse-prezidenti Alen Deletroz bu bəyanatla çıxış edib.
"Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün daha əlverişli dövr 2001-ci il 11 sentyabrda ABŞ-da baş vermiş terror aktları ərəfəsində yaranmışdı.
Məhz o vaxt dünyanın bir çox dövlətləri münaqişənin həll edildiyi təqdirdə iri həcmdə vəsait ayırmağa hazır olduğunu bildirmişdi"-deyə A. Deletroz xatırladıb və qeyd edib ki, regiona Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi üzrə ICG-nin hazırladığı məruzənin detallarını müzakirə etmək məqsədilə gəlib.
"Bizim məruzə bütün dünyanın diqqətini Cənubi Qafqaz regionu problemlərinə bir daha cəlb etməyə imkan verəcək"-deyə Alen Deletroz vurğulayıb və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız iki yolla: qəbuledilməz olan hərbi yolla və sülh dialoqu ilə mümkündür.
Onun sözlərinə görə, ICG-nin təklifi "ilkin mərhələdə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarının azad edilməsini nəzərdə tutur". "Növbəti və ən çətin mərhələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsidir.
Amma həmin problemin həll edilməsi 15-20 ilədək uzana bilər"-deyə A. Deletroz vurğulayıb və qeyd edib ki, sentyabrın 12-13-də Ermənistan rəhbərliyi ilə həmin təklifləri müzakirə edəcək.
Xatırladaq ki, mərkəzi Brüsseldə olan ICG beynəlxalq qeyri-hökumət təşkilatının əsası 1995-ci ildə qoyulub.Təşkilata tanınmış diplomatlar və beynəlxalq ekspertlər daxildir.2005-ci ilin sentyabr ayına olan vəziyyətə əsasən, ICG bütün dünya üzrə 44 münaqişənin nizama salınmasında iştirak edir.