...

QAT Minsk qrupu həmsədrlərinin bölgəyə səfərini pisləyən bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2006 13:21 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı "Minsk qrupu həmsədrlərinin ermənipərəst mövqelərini davam etdirmələrini, bu məqsədlə növbəti dəfə bölgəyə səfər etmələrini və Xankəndinə Azərbaycandan deyil, yenə də işğalçı Ermənistandan getmək niyyətini pisləyən" bəyanat yayıb. Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) oktyabrın 2-də yaydığı bəyanatındandır.

QAT-ın bəyanatında qeyd olunur ki, Minsk qrupu həmsədrlərinin təklif etdikləri son variant tamamilə Ermənistanın maraqlarına uyğundur və işğalçıların hərəkətlərinə bəraət qazandırır. QAT hesab edir ki, bu variantın həyata keçirilməsi Dağlıq Qarabağın Laçınla birlikdə həmişəlik itirilməsi demək olacaq.

"Ermənistana səfər edərək "dost və qardaş" adlandıran həmsədr dövlətin başçısı Jak Şirak isə bu üzdəniraq "səmimi və ədalətli" təklifi daha tez həyata keçirməyə çağırır. Bütün bunlar onu göstərir ki, həmsədr dövlətlər öz aralarında sövdələşərək Azərbaycana qarşı qəsd hazırlayıblar və ölkəmizi torpaqlarının itkisi hesabına güzəştə getməyə vadar edirlər"-deyə bəyanatda vurğulanır.

QAT Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərini və ümumiyyətlə, qrupun fəaliyyətini dayandırmasını tələb edir.

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir.

Xəbər lenti

Xəbər lenti