...

AŞ PA məruzəçisi Azərbaycanla Ermənistanı itkin düşmüş şəxlərin axtarılması məsələsində əməkdaşlığa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2007 12:37 (UTC +04:00)
AŞ PA məruzəçisi Azərbaycanla Ermənistanı itkin düşmüş şəxlərin axtarılması məsələsində əməkdaşlığa çağırır

Azərbaycan, Bakı /müx. Trend A. Qasımova, E.Hüseynov / Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) Cənubi Qafqazda əsir və itkin düşənlər üzrə məruzəçisi Leo Platvoet Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək məqsədilə Azərbaycan və Ermənistan hökumətlərini əməkdaşlığa çağırıb.

SSRİ-nin dağılması nəticəsində Cənubi Qafqazda yaranmış hərbi münaqişələr nəticəsində 7538 nəfərin taleyi naməlum olaraq qalır. Azərbaycanda 4 604 nəfər itkin düşmüş sayılır. Müvafiq olaraq Ermənistanda bu rəqəm 947, Gürcüstanda -1763, Abxaziyada - 197-dir. Bu məlumatlar AŞ PA daimi komitəsinin cümə axşamı Belqradda keçirilən iclasında açıqlanıb.

Telefonla müsahibəsində Platvoet Azərbaycan və Ermənistan hökumətlərinin istər beynəlxalq strukturlarla, istər ölkə daxilində fəaliyyət göstərən müvafiq qurumlarla əməkdaşlığının vacibliyini vurğulayıb. "Dağlıq Qarabağda itkin düşmüş şəxslərlə bağlı komissiya fəaliyyət göstərir. Bu komissiya Ermənistanla əməkdaşlıq edir. Lakin o, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etmir" - deyə Platvoet bildirib.

Azərbaycanın əsir, itkin düşmüş və girov götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyası apreldə bəyan edib ki, ölkədə 4 499 nəfərin taleyi məlum deyil. Bununla yanaşı, son 6 ayda itkin düşmüş şəxslərdən 70 nəfərin taleyinə aydınlıq gətirilib. Onlardan 36 nəfərin hərbi əməliyyatlar zamanı həlak olduğu müəyyənləşdirilib.

Martda Dağlıq Qarabağ münaqişəsində itkin və əsir düşmüşlərin axtarışı və girov götürülmüşlərin azad edilməsi üzrə beynəlxalq işçi qrupun sədri Bernxard Klazen Trend ə müsahibəsində bildirib ki, beynəlxalq birlik münaqişə tərəflərinə humanitar problemlərinin həllində kömək göstərməyə hazırdır. Onun sözlərinə görə, yardımın xarakterinin müəyyənləşdirilməsi tərəflərin özlərindən asılıdır. Klazen həmçin xatırladıb ki, sonuncu dəfə Azərbaycanın və Ermənistanın itkin düşmüşlər üzrə dövlət komissiyalarının görüşü 2005-ci ildə Tbilisidə təşkil olunub, lakin bundan sonra növbəti görüş üçün tərəflərdən hər hansı təklif gəlməyib.

Xatırladaq ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır. Ermənistan və Azərbaycan təmsilçiləri arasında təmaslar nadir hallarda olur.

.

Xəbər lenti

Xəbər lenti