...

"Kosovo modeli" postsovet ölkələrindəki dondurulmuş münaqişələr üçün nümunə ola bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Kosovo problemi postsovet ölkələrindəki dondurulmuş münaqişələr üçün nümunə ola bilməz. NATO Parlament Assambleyasının Portuqaliyanın Madeyra şəhərində keçirilən yaz sessiyasında Kosovo ilə bağlı müzakirələr zamanı deputatlar bu fikri səsləndiriblər.

Bu barədə Azərbaycan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.

Əsgərv qeyd edib ki, erməni mediası bu məsələni məqsədli şəkildə gündəmə gətirir: "Ermənilər iddia edirlər ki, BMT-nin təklif etdiyi Kosovo modelinin qəbul olunacağı təqdirdə Dağlıq Qarabağa da bu status verilməlidir. Amma vəziyyət qətiyyən belə deyil. Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu, tamam başqa məsələdir. NATO Parlament Assambleyasında deputatlar da birmənalı şəkildə bu fikri vurğuladılar ki, Kosovo problemi digər münaqilər üçün model ola bilməz".

Əsgərovun sözlərinə görə, Assambleyada həmçinin hazırda nəzarətsiz zona olan Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilməsi, oradan Avropaya daşınması məsələsi də qaldırılıb.

Vitse-spiker Assambleyada Azərbaycanla bağlı məruzənin balanslı şəkildə hazırlandığını, lakin bəzi məqamlarla razılaşmadığını deyib: "Məsələn, məruzədə göstərilmişdi ki, Azərbaycanda kasıbçılıq həddi 40 faiz təşkil edir, halbuki hazırda bu hədd artıq 20 faizdir. Məruzəçilər özləri də etiraf ediblər ki, ötən ilki rəqəmlərə istinad ediblər. Bundan başqa qeyd ediblər ki, Azərbaycanın bir sıra bölgələrində guya dini təşkilatların sıxışdırılması halları var. Biz buna etirazımızı bildirdik, qeyd etdik ki, Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var və hər bir dini cərəyan fəaliyyət göstərə bilər. Dini tolerantlıq baxımından Azərbaycan digər dövlətələrə nümunə ola bilər" - deyə vitse-spiker qeyd edib.

Xəbər lenti

Xəbər lenti