...

Qarabağ Azadlıq Təşkilatı: "ATƏT və Minsk qrupu rəhbərlərinin səfərləri Azərbaycanı güzəştlərə məcbur etməyə yönəlib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in fəaliyyətdə olan sədrinin və Minsk qrupu həmsədrlərinin bu günlərdə Cənubi Qafqaz regionuna səfərləri Azərbaycanın güzəştlərə məcbur edilməsinə yönəlib. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) çərşənbə axşamı yaydığı bəyanatında bildirilir.

QAT hesab edir ki, beynəlxalq təşkilatlar, birinci növbədə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın ətrafındakı 5 rayonun mərhələlərlə geri qaytarılması müqabilində Dağlıq Qarabağın statusu ilə bağlı referendum tələbini Azərbaycana qəbul etdirməyə, sülhməramlı qüvvələri regiona yerləşdirməyə çalışırlar.

"Azərbaycan iqtidarı antimilli mövqedən geri çəkilməli, heç bir halda referndumun keçirilməsinə, sülhməramlı qüvvələrin münaqişə zonasına gətirilməsinə razılıq verməməlidir. Hətta yeddi rayonun qaytarılması müqabilində belə hər hansı referenduma razılıq verilməsi Dağlıq Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycanın ərazi bütövlüyü və torpaq məsələsi heç bir halda mənasız danışıqlar və siyasi alver predmetinə çevrilməməlidir"-deyə bəyanatda vurğulanır.

QAT-ın mövqeyinə görə, işğalçı Ermənistanın silahlı qüvvələri dərhal və qeyd-şərtsiz zəbt olunmuş Azərbaycan ərazilərini tərk etməli, yalnız bundan sonra sülhməramlı qüvvələr Azərbaycan və Ermənistanın sərhədlərinə yerləşdirilməlidir. Azərbaycan sülh danışıqlarını yalnız bu prinsiplər əsasında aparmalı, ya da danışıqlardan imtina etməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkənin həmsədrlik etdiyi (ABŞ, Rusiya və Fransa) ATƏT-in Minsk qrupu vasitəçilik edir. Azərbaycan rəhbərliyi Ermənistanla sülh danışıqlarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti