...

Ağdamın cəbhəyanı ərazisində kənd təsərrüfatı məhsullarının suvarılmasında ciddi problem yaranıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ağdam rayonun cəbhəyanı ərazisində yerləşən Mirəşəli, Əhmədağalı kəndlərində kənd təsərrüfatı məhsullarının suvarılmasında ciddi çətinliklər yaranıb. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan bir sıra su kanallarının və Qarqar çayının qarşısını kəsməsi və su artezian quyularının çatışmazlığıdır.

Mirəşənli kəndinin icra nümayəndəsi Ələsgər Məmmədovun cümə axşamı verdiyi məlumata görə, kənddə 2025 hektar torpaq sahəsi var ki, bunun da 864 hektarında kənd təsərrüfatı məhsulları əkilib. Bu sahələrin suvarılmasında 22 su artizan quyusundan istifadə olunur.

Məmmədov onu da deyib ki, son iki ildə üç artizan quyusu qazılıb, ikisi isə əsaslı təmir olunub. 24 su artezian quyusu isə işğal altındadır. Məmmədovun sözlərinə görə, suvarma problemini aradan qaldırmaq üçün ərazidə 8-10 quyu qazılmalıdır.

Ermənistan Silahlı Qüvvələri yanğınlar törətdiyi üçün Ağdam rayonun cəbhəyanı kəndlərində taxıl və arpa biçini bir həftə öncə başlayıb. Qoşunların təmas xəttindən bir gədər aralı yerləşən Əhmədağalı kənd bələdiyyəsi sədri Eldar Qasımovun cümə axşamı verdiyi məlumata görə, əvvəllər bir hektar torpaq sahəsindən 35-40 sentner məhsul götürülürdüsə, hazırda bu rəqəm 15-22 sentnerə bərabərdir. Qasımov onu da deyib ki, kəndin 1050 ha torpaq sahəsi var ki, bunun da 250 ha sahəsində taxıl və arpa əkilib. Bu günə qədər isə bunun cəmi 20%-i biçilib.

Ağdam rayonu paytaxt Bakıdan 400 kilometrdən artıq qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti