Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Avropa Şurası Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyinə sadiqdir. Avropa Şurasının Dağlıq Qarabğ münaqişəsi üzrə mövqeyi ondan ibarətdir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır. Bunu bazar ertəsi Bakıda mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rene van der Linden bildirib.
Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır.
Lindenin sözlərinə görə, AŞ PA tərəfləri hər hansı bir qərarın qəbul olunmasına məcbur edə bilməz, tərəflər özləri buna gəlməlidirilər. "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, dialoqla həll olunmalıdır. Heç bir halda müharibə yolu ilə yox", - deyə xarici qonaq söyləyib. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli ilk növbədə iki qonşu dövlətlə - Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistan üçün əhəmiyyətlidir.
Rene van der Linden iyulun 7-dən Bakıdadır. Bazar ertəsi Azərbaycan XİN-də keçirilən görüşlərdən sonra Linden jurnalistlərə bildirib ki, xarici siyasət, Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri və həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub. Qonağın regiona səfəri bu gün başa çatır.