...

Qarabağ Azadlıq Təşkilatı beynəlxalq vasitəçilərin sülh danışıqları prosesindən kənarlaşmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq təşkilatlar Ermənistanın davamlı şəkildə nümayiş etdirdiyi mürtəce və barışmaz mövqeyə diqqət yetirməli, beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı rejimə qarşı konkret sanksiyalar tətbiq etməlidir. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) cümə günü yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, işğalçı Ermənistan rejiminin rəhbəri R.Koçaryanın son açıqlamaları, Ermənistanla Dağlıq Qarabağın "asimmetrik konfederasiya"da birləşdirilməsi, Dağlıq Qarabağdakı qondarma rejimin "öz müstəqilliyindən heç vaxt imtina etməyəcəyi", beynəlxalq təşkilatların rəylərinin heç bir əhəmiyyət daşımayacağı haqda bəyanatları Ermənistanın işğalçı niyyətlərindən əl çəkmək fikrində olmadığını bir daha təsdiqləyir: "Ermənistanın qarşısında aciz qalan beynəlxalq təşkilatların vasitəçilik missiyası ilə bağlı mənasız cəhdlərinin də heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq təşkilatlar acizliyini etiraf etməli və danışıqlar prosesindən kənara çəkilməlidirlər"-deyə bildirilir.

QAT hesab edir ki, Azərbaycan iqtidarı yaranmış vəziyyəti düzgün qiymətləndirməli, mənasız danışıqlardan, "xalq diplomatiyası"ndan imtina etməli və torpaqlarımızın hərbi yolla işğaldan azad olunmasına başlamalıdır.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu fəaliyyət göstərir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir.

Xəbər lenti

Xəbər lenti