...

Azərbaycan politoloqları Kremlin Dağlıq Qarabağ ermənilərini yenə əsarətə saldığını düşünür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2007 13:17 (UTC +04:00)
Azərbaycan politoloqları Kremlin Dağlıq Qarabağ ermənilərini yenə əsarətə  saldığını düşünür

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçılarının guya "seçki" adı ilə həyata keçirdiyi tədbir başa çatıb və özünü "milli təhlükəsizlik naziri" adlandıran Bako Saakyan qondarma rejimin başçısı seçilib.

Azərbaycan politoloqları bu qondarma seçki oyununun gözlənildiyi kimi yekunlaşdığını, həmçinin həmişəki kimi heç kim tərəfindən ciddi qəbul edilmədiyini, tanınmadığını deyiblər.

Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Dağlıq Qarabağdakı qondarma "seçki" Ermənistanda keçirilən seçkilərin davamıdır. Rusiya yenə də erməniləri özündən asılı vəziyyətə salır: "Mən əvvəldən də bəyan etmişdim ki, Kremlin və Ermənistan iqtidarının birgə dəstəklədiyi şəxs Dağlıq Qarabağda erməni icmasının lideri seçiləcək. Daha doğrusu, bu, seçki olmayacaq, həmin şəxs guya "seçilmiş prezident" kimi ermənilərə sırınacaq. Belə də oldu. Bununla Rusiya Qarabağdakı komandirləri vasitəsilə Dağlıq Qarabağ ermənilərini yenə də əsarətində saxlayır" - deyə politoloq qeyd edib.

Əlizadə hesab edir ki, bu siyasətlə yenə də Qarabağ münaqişəsinin həllinə imkan verilmir və Rusiyanın Cənubi Qafqaz üzərində hökmranlığı təmin olunur.

Digər politoloq Vəfa Quluzadə isə hesab edir ki, işğal olunmuş ərazilərdə özbaşına qurumun mövcudluğundan danışmaq tamamilə absurddur. Ona görə də qondarma qurumun istənilən hərəkəti absurddur: "İşğal olunmuş ərazilərdə erməni separatçılarının belə cəhdlərinə nəinki Azərbaycan, bütün dünya artıq qiymətini verib. Dağlıq Qarabağda səfeh adamlar özləri üçün qondarma bir rejim yaradıblar. Orada keçirilən istənilən seçki oyunları isə heç nəyi dəyişmir. Dağlıq Qarabağda heç nəyi qukasyanlar, saakyanlar həll etmir. Bütün bu problemlərin arxasında Rusiya dayanır və prosesləri də o idarə edir" - deyə politoloq vurğulayıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti