...

QAT Minsk qrupunun amerikalı həmsədrinin dediklərinə aydınlıq gətirilməsini tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Metyu Brayzanın Rusiyanın "Vremya novosti" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini tələb edir. QAT sədri Akif Nağı çərşənbə axşamı Brayzanın dediklərinə aydınlıq gətirilməsi üçün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersiyə məktub göndərib.

Məktubda qeyd olunub ki, Brayzanın Rusiyanın "Vremya novosti" qəzetində dərc olunan müsahibəsindəki bir sıra açıqlamalar birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib və haqlı olaraq cəmiyyətin ciddi narazılığına, qəzəbinə səbəb olub.

"Brayza açıq şəkildə Dağlıq Qarabağdakı qondarma rejimi müdafiə edir. O, ermənilərin separatçı hərəkətlərinə bəraət qazandırır, terrorçu və cinayət xarakterli əməllərini guya müstəmləkəçiliyə qarşı mübarizə kimi təqdim etməyə çalışır. Amerikalı diplomat işğalçı Ermənistanın təcavüzkar hərəkətlərini ört-basdır etməyə cəhd göstərir, ümumiyyətlə Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal faktının üzərindən sükutla keçir və Dağlıq Qarabağdakı qondarma rejimin hətta "müstəqillik" perspektivlərindən də danışır" -deyə məktubda bildirilib.

QAT hesab edir ki, əgər yazılanlar həqiqətən də Brayzaya məxsus fikirlərdirsə, ABŞ hökuməti onun ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün təcili tədbir görməlidir: "Əks təqdirdə Brayzanın dediklərini ABŞ-ın rəsmi mövqeyi kimi qəbul edəcəyik. Eyni zamanda, ABŞ-ın Minsk qrupunda fəaliyyətinin dayandırılması üçün bütün vasitələrdən istifadə edəcək, Brayzanın bundan sonra Azərbaycana səfər etməsinə imkan verməyəcəyik".

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrdə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti