...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri cümə axşamı və cümə günlərinin müxtəlif saatlarında Ağdam rayonunun Cəvahirli, Acarlı, Çıraqlı, Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə cümə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son üç ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması intensivləşib. Atəşkəsin pozulması əsasən Ağdam, Tərtər və Goranboy istiqamətlərində qeydə alınır. Bu müddət ərzində Azərbaycan Milli Ordusunun bir neçə əsgəri şəhid olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni hərbçiləri, həmçinin son iki gün ərzində Ermənistanın İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb və düşmən cavab atəşi ilə susdurulub.

Ağdam paytaxt Bakıdan 375 kilometr cənub-qərbdə, Goranboy isə 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti