...

Avropa parlamentinin nümayəndəsi: "Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlıqdan daha çox, demokratik dəyərlərin və insan hüquqlarının vəziyyətinə önəm verir"

Siyasət Materials 12 Sentyabr 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Avropa İttifaqını Azərbaycanda söz və mətbuat azadlığının, insan hüquqlarının vəziyyəti narahat edir və ciddi maraqlandırır. Bu fikirləri çərşənbə günü Bakıda Avropa Birliyi Azərbaycan parlament əməkdaşlıq komitəsinin iclasında Avropa parlamenti nümayəndə heyətinin rəhbəri Maqi Enn İsler Bequin səsləndirib.

O, qeyd edib ki, azərbaycanlılar Avropaya inteqrasiyaya böyük əhəmiyyət verirlər. Avropa Birliyi isə, bu inteqrasiya prosesinə dəstək verir. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasnda aparılan müzakirələr inteqrasiya prosesini daha da sürətləndirəcək. "Amma bizi narahat edən bir sıra məsələlər də var. Azərbaycanın bəzi QHT və siyasi partiya rəhbərləri Brüsselə gələrək, Azərbaycandakı vəziyyətlə bağlı məlumat verirlər. Bura insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti daxildir. Biz istərdik ki,bu sahədəki problemlər aradan qaldırılması və inkişaf etdirilməsi istiqamətində çalışaq və müzakirədər aparaq",- xanım Bequen deyib.

O, bildirib ki, Azərbaycanda belə bir təsəvvür var ki, Avropa İttifaqının əsas məqsədi enerji sahəsində əməkdaşlıqdır. "Həqiqətən da, Avropa İttifaqı üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıq önəmlidir. Amma Avropa üçün demokratik dəyərlərin və insan hüquqlarının vəziyyəti bundan daha əhəmiyyətli və önəmlidir",- deyə Avropa parlamenti nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Onun fikrincə, Azərbaycanda qarşıdan prezident seçkiləri gəldiyinə görə, Bakıda keçirilən görüşdə bu məsələ müzakirə olunmalıdır. Eyni zamanda, demokratikləşmə ilə bağlı digər məsələlər, xüsusən də, Avropa qonşuluq siyasəti çərçivəsində həyata keçirilən işlər və fəaliyyət planı ətrafında müzakirələr aparılmalıdır.

Bequin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən irəliləyişlər var, amma bu çox deyil. Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, baş nazirin müavini Abid Şərifov və digər rəsmilər Avropaya inteqrasiya sahəsində görülmüş işlər barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti