Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Rusiya Federasiyasında hakimiyyətin dəyişməsi və Mixail Fradkovun yerinə yeni nazirin vəzifə başına gəlməsi Rusiyada ümumi vəziyyətə təsir göstərməyəcək.
"Viktor Zubkovun baş nazir vəzifəsini tutması Rusiya Federasiyasının apardığı siyasətədə heç nəyi dəyişməyəcək" - Rusiyanın "Panorama" məlumat-araşdırma mərkəzinin siyasi analitiki Vladimir Pribılovski belə hesab edir.
Çərşənbə günü Vladimir Putin baş nazir Mixail Fradkovun istefasını qəbul edib və Fradkova, Dövlət Duması tərəfindən Nazirlər Kabinetinin yeni başçısının namizədliyinin təsdiq olunmasına qədər baş nazir vəzifəsini icra etməyi tapşırıb. Sonra isə Putin Dövlət Dumasına Nazirlər Kabinetinin başçısı postuna "Rosfinmonitorinq"in rəhbəri Viktor Zubkovun namizədliyini irəli sürüb.
Cümə axşamı telefonla Moskvadan Pribılskinin bildirdiyinə görə, Rusiyada əhəmiyyətli dəyişikliklərin baş verməsi üçün prezidentin dəyişməsi lazımdır. "Ola bilsin ki, Putin hakimiyyəti öz davamçılarına ötürərsə, hətta onun prezident postundan getməsindən sonra Rusiyada heç nə dəyişməyəcək" - deyə ekspert bildirib.
Dekabr ayında Rusiyada parlament seçkiləri, gələn il isə prezident seçkiləri keçiriləcək və seçkilərin nəticələrinə uyğun olaraq, RF-nin Konstitusiyasında göstərildiyi kimi, Putin postunu tərk etməlidir. "Yaxın yarım il ərzində Rusiyanın siyasi kursunda heç bir yenilik baş verməyəcək" - deyə politoloq əlavə edib.
Rusiyada hökumət dəyişikliyi axırıncı dəfə 2004-cü ildə baş verib. 2004-cü ilin fevralın 24-də Vladimir Putin Mixail Kasyanovun hökumətini istefaya göndərib və bir həftədən sonra Dövlət Dumasına Mixail Fradkovun baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Parlament isə, onun namizədliyini martın 5-də təsdiq edib.