...

Altı müxalifət partiyası seçki blokuna çevriləcək

Siyasət Materials 13 Sentyabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Altı müxalifət təşkilatının məşvərət şurası bu ilin sonuna qədər seçki blokuna çevriləcək. Bu barədə cümə axşamı Trend ə məşvərət şurasında təmsil olunan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu məlumat verib.

ADP, AMİP, Müsavat, Sosial Demokrat, Tərəqqi partyalarının, Azərbaycan Naminə Forumun rəhbərləri mütəmadi toplanaraq məşvərət aparırlar. Məşvərət şurasının əsas hədəfi gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etməkdir.

Dəmiroğlu bildirib ki, ilin sonuna qədər bu partiyaların əməkdaşlıq sazişi bağlaması və seçki blokunun təsis edilməsi gözlənilir. Bundan sonra həmin yeni blok üç müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaqla da saziş bağlayacaq.

"Bizim blokun alterantivi olmayacaq. Prezident seçkisində vahid namizəd irəli sürməyimiz də mümkündür, bir neçəsini də. Əsas odur ki, müxalifətin səslərinin parçalanmasına imkan verməyək və iqtidara qarşı vahid qüvvə şəklində birləşək"-deyə "Tərəqqi" sədri bildirib.

"Altılıq" adlandırılan şurada ASDP sədri Araz Əlizadə, AMİP sədri Ayaz Rüstəmov, "Tərəqqi" sədri Çingiz Dəmiroğu, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu və Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov təmsil olunur.

Tərəqqi Partiyası 20 siyasi partiyanı birləşdirən ATA blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti